“Copa America”da qorxulu an

Bakı, 26 iyun, Sporaz.tv

Copa Americada PeruKanada arasında keçirilən matçda baş hakimin köməkçisi Humberto Panjoj qısa müddətə huşunu itirərək oyunu davam etdirə bilməyib.

Sporaz.tv xəbər verir ki, ABŞ-da keçirilən Amerika Kubokunun A qrupunda Peru və Kanada milliləri üz-üzə gəlib.

Rəqibini 1:0 hesabı ilə məğlub edən Kanada qrup mərhələsində ilk qələbəsini qazanaraq xalını 4-ə yüksəldib. Peru isə meydandan məğlubiyyətlə ayrılaraq 1 xalla qalıb.


Matçın birinci hissəsinin uzatma vaxtında qorxulu məqam yaşanıb. Qarşılaşmanın baş hakim köməkçisi Humberto Panjoj huşunu itirib və Kanada millisinin qapıçısı Maxime Crepeau sahəyə həkimləri çağırıb.

Meydanda ilk müdaxilə Panjoja edilsə də, 36 yaşlı hakim ikinci hissəni davam etdirə bilməyib.

Panjojun yüksək temperatur və rütubət səbəbiylə isti vurmuş ola biləcəyi bildirilsə də, CONMEBOL hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Bahar Rüstəm