Qurban Qurbanov: Stadionların səssiz adamı

Qurban Qurbanov Stadionların səssiz adamı

Bakı,20 aprel,Sporaz.tv

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonun Aşağı Tala kəndində fəhlə ailəsində dünyaya gəlib. Azərbaycanlı futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçidir. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.

Futbolçu karyerası ərzində Azərbaycan “Daşqın” Zaqatala , “Turan” Tovuz, “Kür-Araz” Mingəçevir, “Neftçi” Bakı, “İnter” Bakı, Gürcüstan “Alazani” və Rusiyanın “Dinamo” Stavropol, “Fakel” Voronej, “Baltika” Kalininqrad, “Volqar” Həştərxan klublarında çıxış edib. Beş dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə “Neftçi” klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub.2008-ci ildən indiyə kimi “Qarabağ” Ağdam klubunun baş məşqçisidir. “Qarabağ” klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında “Qarabağ” ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun karyerasından bəhs edən film də çəkilib.

Stadionlar səssiz olanda” idman dramının təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib. Filmin təqdimatından sonra təcrübəli məşqçi karyerasında böyük rolu olan qardaşı barədə danışıb. O, filmdə də haqqında çox bəhs edilən qardaşı Musa Qurbanovdan danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan etibarən kinoteatrlarda nümayiş olunmağa başlayıb.

Qurban Qurbanovun ailə vəziyyəti

Onun üç bacısı, iki qardaşı var. Qardaşı Musa Qurbanov da futbol mütəxəssisidir. Qurban valideynlərinin sonuncu övladıdır.

Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.

Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu “Daşqın” Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.

1989-cu ildə atası vəfat edib. 2017-ci il 18 aprelində isə anası Güləbatın xanım vəfat edib. Evlidir, 2 övladı var: Musa və Zəhra. Musa “Neftçi” futbol klubunda aşağı yaş qrupları üzrə komandalarda məşq edir.