“Messi və ya Ronaldo istəyiriksə, əvvəlcə səviyyəli akademiyalar yaratmalıyıq”

Bakı , 6 may , Sporaz.tv

Bugünkü müsahibimiz Azərbaycanın futbol mütəxəssisi və keçmiş futbolçu Şahin Diniyevdir. O, hazırda “Səbail FK“nın baş məşqçisi vəzifəsində çalışır.

Dəyərli Sporaz.tv izləyiciləri , sizə Şahin Diniyevlə olan müsahibəmizi təqdim edirik.

Sizcə, Azərbaycan futbolu hazırda hansı vəziyyətdədir?
İndiki vəziyyət əvvəlki vəziyyətdən fərqlidir. Futbolun səviyyəsi deməzdim ki, faciəli vəziyyətdədir, amma əla da deyil. 32 ildən sonra başlamaq istəyirik, amma istədiyimiz kimi alınmır. İrəli səviyyəyə gedən yolda biz başlanğıc səviyyədəyik.


Sizcə, Azərbaycan futbolunun zəif inkişafının səbəbləri nələrdir?
Səbəblər çoxdur. Problem bir olarsa, onu düzəltmək asandır. Amma bizdə səbəb çoxdur. Saysaq, sabaha qədər bitməz. Uşaq futboldan tutmuş milliyə qədər hər yerdə səhv var. Ən başlı problem isə futbolda bir sistem olmamasıdır. Uşaq futbolundan milliyə qədər sistemli şəkildə yetişdirmək lazımdır. Sistem qurulandan sonra nəsə alındırmaq olar. Eyni zamanda keyfiyyətli məşqçilər də olmalıdır ki, futbolçu yetişdirə bilsin. Sistemi dəyişdirmək lazımdır.


Braziliya və ya Argentina kimi ölkələrdə futbolu çıxış yolu kimi görürlər. Azərbaycanda futbolu çıxış yolu kimi görülmədiyinə görə inkişaf zəif gedir?
Braziliya və Argentina kimi ölkələri Azərbaycanla eyni səviyyədə saymaq məncə düzgün deyil. Çünki onlar futbol ölkələridir. Onlarda uşaq doğulandan futbol oynayır. Azərbaycan futbol ölkəsi deyil, acı olsa da bunu boynumuza almalıyıq. Bizdə futbola dair ənənələr yoxdur. Azərbaycan əvvəldən futbolda yüksək səviyyələrdə olmayıb. SSRİ-nin vaxtında “Neftçi“nin 3-cü yer tutması düzü böyük bir nəticə deyil. Azərbaycada olan futbolla Latın Amerikası ölkələrində futbolun arasında fərq var. Azərbaycanda ehtiyac olan futbolçu yetişdirmə üsulu onlarda artıq ənənədir. 0-dan başlayıb dərinliyində qədər sistem qurmalıyıq. Bütün səviyyələr bir-biri ilə zəncirvari bağlıdır.


Futbol akademiyalarının futbolçu yetişdirmə şəklini bəyənirsinizmi?
Hazırda olan akademiyalar akademiya xətrinə olan akademiyalardır. Ən məşhur futbol akademiyası Bakı Futbol Akademiyası və Qəbələ futbol akademiyasıdır ki bir çox futbolçu onların yetirməsidir. Azərbaycan futboluna çox xeyirləri dəyib. Hazırda ən yüksək səviyyəli komanda “Qarabağ“dır amma onun akademiyasından çıxan futbolçulardan əsas heyətə gəlib çıxan yoxdu. Yetişdirmə təkcə futbolla deyil həm də onun sağlam qidalanması fikir verməkdir. İstədiyimiz kimi akademiya hələ Azərbaycanda yoxdur.


Sizcə AFFA-nın yeni rəhbərliyi futbolun inkişafı üçün hansı tədbirləri görməlidir?
Tədbir olduqca çoxdur. Ən əsası sistemli şəkildə futbolu inkişaf etdirmək üçün uşaq futboluna fikir verməlidirlər. Savadlı və keyfiyyətli məşqçilər cəlb edilməlidir. MPL-də 10 klub olduqca azdır. Futbolu kütləvi hala salmaq üçün daha çox komanda olmalıdır. Futbola bir idman növü kimi yox həm də bir siyasət kimi yanaşmalıdırlar. Komandaların sayı çox olarsa həm də milli futbolçularımızda oynamaq şansı daha çox tapacaqlar. Həm də bu millinin də inkişafına şərait yaradacaq. U-17, U-19, və U- 21-də olan futbolçularımız da əsas heyətə gəlib çıxa biləcəklər. Akademiyadan əsas heyətə gəlmək üçün arada bir liqa təşkil etmək lazımdır ki, futbolçu təcrübə yığa bilsin. Kütləvilik çox olarsa, rəqabət də daha çox olar. 1000 futbolçu arasından seçim etmək 100 futbolçu arasında seçim etməklə eyni deyil. Əgər 0-dan inkişaf planı hazırlaya bilmiriksə, inkişaf etmiş ölkələrin birinin planı üzrə də sistem qura bilərik. Futbolçuların xaricə legioner kimi getməsi də yaxşı olar. Yeni rəhbərliyin qarşısında böyük vəzifə durur. Bu vəzifə də 1-2 ilin işi deyil. Uzunmüddətli işdir.


Sizcə Azərbaycan Premyer Liqasında klubunların sayı artılacaqmı? Artırılması liqa üçün əhəmiyyətli olarmı?
Futbolun əsası milli komandadır. Klubların sayının artırılması əhəmiyyətli olar. Amma limitə də fikir verməliyik. 10 komanda təxmini 40 futbolçudur. Milli komandanı 40 futbolçu içərisindən seçmək azdır. Maksimum 12 komanda olarsa daha yaxşı olar. Klublar federasiyası tərəfindən maliyyələşdirilsə, heç bir klubun maliyə problemi olmaz. Futbolda sabitlik olar. Gələn il 14 komanda etmək olar. Bir dövrədə 4 dəfə oynamaq çətin məsələdir. Düzdür, hazırda çempion və liqadan düşən komanda bəllidir , amma Avropaya gedəcək komandalar hələ bəlli deyil. Bu ilki çempionatı bu maraqlı edir.

Sizcə, gələcəkdə Azərbaycanda bir Messi və ya Ronaldo yetişə bilər mi?
Hazırki vəziyyətdə xeyir .Buna zəmin lazımdır. Hazırda belə zəmin yoxdur. Messi, Ronaldo kimi oyunçuların yetişməsi üçün Portuqaliya və Argentina çox əziyyət çəkiblər. Əvvəlcə səviyyəli akademiyalar və komandalar yaradılmalıdır. Bugünkü vəziyyət üçün real deyil.

Bahar Rüstəm

Leave a Reply