Azərbaycan boksçusundan tarixi nəticə

Bakı, 31 oktyabr, Sporaz.tv

Azərbaycanın daha üç boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində yarımfinala yüksəlib.

Sporaz.tv xəbər verir ki, Aynur Mikayılova (57 kq) Macarıstanlı boksçu Reka Varqa Sara ilə qarşılaşıb. O, ilk raundda tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib və bürünc medalı təmin edib. Bununla Azərbaycanın boks tarixində yeni səhifə açılıb. Belə ki, bununla A.Mikayılova fəxri kürsüyə qalxacaq ilk azərbaycanlı qız boksçu olacaq. Mikayılova finala gedən yolda türkiyəli Pinar Beneklə qarşılaşacaq.

Məhəmmədəli Qasımzadə (60 kq) də növbəti qələbəsini qazanıb. Boksçu Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda Platon Kozlovla (Rusiya) qarşılaşacaq.

Zidan Hümbətov (51 kq) isə 1/4 finalda gücünü Tacikistanlı Meroj Sufijonova göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.

1/4 final döyüşlərində qələbə qazanan boksçular özləri üçün bürünc medalı təmin ediblər.

Beləliklə, dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) və Əli Abdullayev (63,5 kq) bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal mərhələsinin görüşləri bu gün keçiriləcək.

Leave a Reply