“Zirə” 10 oyunçu ilə “Neftçi”yə qalib gəlib

Bakı,21 aprel,Sporaz.tv

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Sporaz.tv-nin məlumatına əsasən, günün ikinci matçında “Zirə” “Neftçi“ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladyslav Kulach fərqlənib. “Ağ-qaralar”ın yeganə qolunu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. Hesabında 47 xal olan “Neftçi” isə dördüncü sıraya enib.

Qeyd edək ki, günün ilk matçında “Qarabağ” “Qəbələ” ilə heç-heçə edib – 2:2. Ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz“a qalib gəlib – 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.