Yusuf Demir və Kazımcan Karataşın gələcəyi qeyri-müəyyəndir

Bakı, 16 iyun, Sporaz.tv

Galatasaray“da icarədən qayıdan futbolçular düşərgədə qiymətləndiriləcək. Başda Taylan Antalyalı olmaqla “sarı-qırmızılılar”ın gələn mövsüm də heyətdə saxlanacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” iyulda xaricdəki düşərgələri ilə yeni mövsümə hazırlaşacaq. Sarı-qırmızılı komandanın heyət planı da bu müddətdə bəlli olacaq.

Ötən mövsüm “Galatasaray”ın bir çox futbolçusu başqa klublarda icarə əsasında çıxış edib. Yeni mövsümün hazırlıqlarına Halil Dervişoğlu, Yusuf Demir, Taylan Antalyalı, Kazımcan Karataş kimi futbolçular qatılacaq.

“Galatasaray”ın xüsusilə Taylan Antalyalını komandada saxlamaq istədiyi öyrənilib. Ötən mövsümü “Yılport Samsunspor”da keçirən 29 yaşlı futbolçu 26 matçda meydana çıxıb. Bu müddətdə Taylan 2 dəfə fərqlənib, 1 qol ötürməsi edib.

Komandada Halil Dervişoğlu, Yusuf Demir və Kazımcan Karataşın gələcəyi qeyri-müəyyəndir. Üç futbolçu ilə bağlı yekun qərar iyulun 9-dan 18-dək Avstriyada keçiriləcək düşərgədə veriləcək. “Galatasaray”ın 22-27 iyul tarixləri arasında keçiriləcək ikinci düşərgəsində yeni mövsüm planının tamamlanması planlaşdırılır.

Vüqar ALIŞOV