Vitali Borisov: “Öz oyunumuzu oynasaq, qələbə qazanacağımıza inanıram”

Bakı, 22 avqust, Sporaz.tv

Futzal üzrə UEFA Çempionlar liqasının 2024-2025-ci il mövsümünə başlayan təmsilçimiz “Araz-Naxçıvan” İrlandiyanın “Sparta Belfast” komandası ilə qarşılaşmada 7:1 hesabı ilə qələbə qazanıb.

Sporaz.tv məlumat verir ki, klubumuzun əsas oyunçularından olan Lazar Milosavljeviç, keçmiş oyunda qırmızı kart cəzası aldığı üçün, keçirilən qarşılaşmada oyuna çıxa bilməyib. Buna baxmayaraq “Araz-Naxçıvan” heçdə pis nəticə göstərməyib və böyük hesablı qələbə ilə səfərdə qalib gəliblər. Matçın ilk qolunun müəllifi isə Giovannidir. Brazilyalı legioner, çox keçmədən komandasının üstünlüyünü 2-yə çatdırıb. Birinci hissəni qol üstünlüyü ilə başa vuran qırmızı-ağlar, ikinci hissəyə Valrionun qolu ilə başlayıb. Hesab fərqini artıran Manafov, özünün birinci, komandasının dördünücü qoluna imza atıb. Oyunda yeni transferlər də diqqətdən yayınmayıb. Komandının yeni üzvü Yaniç də, adını tabloya yazdırmağı bacarıb. Qarşılaşma, Emil Həsənzadənin atdığı son qol ilə başa çatıb.

Onu da qeyd edək ki, təmsilçimiz, bu gün Estoniya çempionu olan “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Klubun baş məşqçisi bizlərlə öz təəssüratlarını bölüşüb. Vitali Borisovdan aldığımız müsahibəni təqdim edirik:

-Salam, Vitali bəy! Sizi qalibiyyət münasibəti ilə təbrik edirik. Növbəti oyunlarda daha böyük uğurlara imza atmağınızı arzulayırıq.”Sparta Belfast” ilə olan oyun haqqında fikirlərinizi və təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

– Çox sağ olun təbriklərinizə görə. Oyun barədə deyə bilərəm ki, bu oyunda bizim üstünlüyümüz rəqib komandanı keçdi . Daha böyük hesabla udmalı idik. İmkanlarımızdan yaxşı istifadə etsəydik daha çox qol vura bilərdik.

– Birinci oyundan üç qolla fərqlənən Covanni Valerio, bugünkü oyunda da sizcə fərqlənə biləcəkmi?

– Fərqi yoxdur kim fərqlənir, əsas komanda qələbə qazansın.

– Rəqibiniz “Sillamae Silla” turnirə məğlubiyyət ilə başlayıb. Böyükhesablı məğlubiyyətlə turnirə başlayan rəqibiniz haqqında fikirləriniz nədir?

-Estoniya komandasının bu oyun üçün heç bir taktiki gedişini görmədik. 3 legioneri olan cavan klub orta səviyyəli komanda sayılır. Oyunçularımız digər oyunlarda fürsətlərdən daha yaxşı istifadə etməli və topla biraz daha sürətli davranmalıdırlar. Birinci oyunda bizim oyunçularımızdan biri qırmızı vərəqəsi olduğu üçün mübarizədə iştirak etmirdi. Həmin oyunçumuz bugünkü oyunda mübarizə aparacaq. İnanıram ki, öz oyunumuzu oynasaq, qələbə qazanacağıq!

Suna Jafarli