Bakı, 6 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın kolumbiyalı müdafiəçisi Davinson Sanchez cari mövsümdə uğurlu çıxışı ilə Avropa klublarının diqqətini çəkməyə davam edir.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”, UEFA Avropa Liqasında dördüncü matçında sabah İngiltərənin “Tottenham” komandasını qəbul edəcək.
Sarı-qırmızılıların keçirdiyi bu kritik matçda Avropanın bir çox klubunun gözü “Galatasaray”-ın müdafiəçisi Davinson Sanchezin üzərində olacaq.
Bildirilib ki, Avropanın 4 klubunun nümayəndələri kolumbiyalı müdafiəçini izləmək üçün sabah İstanbulda olacaq.
Copa America turnirini də uğurlu keçirən Davinsonun “Tottenham” matçında başda Lazio və Napoli olmaqla iki İspaniya klubunun da izləyəcəyi öyrənilib.
2023-cü ilin sentyabrında “Tottenham”-dan 9,5 milyon avroya transfer edilən Davinson Sanchezin sarı-qırmızılı klubla 2027-ci ilə qədər müqaviləsi var.
Bu mövsüm 10 rəsmi oyuna çıxan 28 yaşlı müdafiəçi 2 qol vurub, 1 məhsuldar ötürmə edib.