Tanrının futbola hədiyyəsi-Lev Yashin

Bakı,20 aprel,Sporaz.tv

Lev Yashin (Lev Yaşin) 1929-cu il oktyabrın 22-də fəhlə ailəsində anadan olub. Digər yaşıdları kimi, o da futbol oynamağa çox erkən yaşlarından başlayıb.

Dünya şöhrətli qapıçının uşaqlıq və gənclik dövrü çətin illərə təsadüf edib. Yaşin Tuşino zavodunda çilingər kimi işləyib. İşə getmək üçün səhər saat 5-dən duran Yaşin ,işdə yorulmasına baxmayaraq, növbəsini başa vuran kimi stadiona tələsirdi və bu, bir növ adətə çevrilmişdi. Onun ilk məşqçisi N.Larionçikov mərkəz hücumçusu kimi çıxış etməyi arzulayan Yaşini qapıçı olmaq üçün hazırlaşdırırdı: “Qapıçı olmalısan, vəssalam!”.

Ağır zavod həyatından bezən 18 yaşlı Yaşin müəyyən səbəblərdən ailəsini tərk edərək dostunun evində yaşamağa başlayır. Əsgəri borcunu ləyaqətlə yerinə yetirib qayıtdıqdan sonra məşqçi Arkadi Çernışev Yaşini öz nəzarəti altına götürür. O vaxtlar A.Çernışev “Dinamo” klubunun hokkey və futbol komandasını hazırlaşdırırdı. 1950-ci ilin martında “Dinamo” Qaqraya təlim-məşq toplanışına yollananda komandanın tərkibində üçüncü qapıçı ampluasında Yaşin də var idi. 

Stalinqradın “Traktor” klubu ilə yoldaşlıq matçında Yaşinin oyunu uğurlu alınmadı. Futbolçunun ikinci məğlubiyyəti isə ölkə birinciliyi uğrunda “Dinamo”- “Spartak” qarşılaşmasında oldu. Matçın son dəqiqələrində Aleksey Xomiçi əvəz edən Lev çox çətin anlar yaşadı. Həmin matç Yaşinin xatirəsində silinməz izlər buraxdı və onun sonrakı taleyində demək olar ki, həlledici rol oynadı. Xatırladaq ki, Yaşin yüksəksəviyyəli qolkiper olmağın sirlərinə məhz ingilislərin “pələng” adlandırdıqları “Dinamo”nun qapıçısı Xomiçin sayəsində yiyələnmişdi.

1954-cü ildən 1959-cu ilədək Moskva “Dinamo”su dörd dəfə ölkə çempionu adına layiq görülüb. Bu illər ərzində təşkil olunan beş çempionatın hər birində “Dinamo”nun qolkiperi Yaşin qapısından çox az sayda top buraxıb. Futbolçunun SSRİ çempionatında öz klub komandasının heyətində keçirdiyi matçların sayı 326-ya bərabərdir. Məşhur qapıçının medal kolleksiyasını ölkə çempionatının 5 qızıl, 5 gümüş və 1 bürünc medalı bəzəyir. Üç dəfə SSRİ kubokunun sahibi olub. Sovet Futbol Federasiyası Yaşini 13 dəfə mövsümün ən yaxşı futbolçusu hesab edib. 

1954-cü il oktyabrın 8-də əsas komandanın heyətində İsveç yığması ilə debütü uğurlu olub – 7:0. Bax, beləcə, Lev Yaşin düz 13 il ölkənin bir nömrəli futbolçusu adını qoruyub saxlaya bilib. Onu şöhrətin zirvəsinə qaldıran ən mühüm matç XVI Yay Olimpiya Oyunlarında qeydə alınıb.

Məşhur qapıçı futbola yeni başlayanlara tövsiyə edirdi ki, əsl qapıçı hər buraxılan qol üçün narahat olmalı, özünə yer tapmamalıdır. Qapıçı qol buraxandan sonra özünü sakit, heç nə olmamış kimi aparırsa, bu, onun üçün hər şeyin sonu olduğu anlamına gəlir. Həmin qapıçının keçmişi necədir bilmirəm, amma məsuliyyətsiz qapıçının gələcəyi yoxdur.

1963-cü ildə L.Yaşin yenidən Moskva “Dinamo”sunun heyətində daha bir məhsuldar mövsümə imza atır və komanda onun iştirakı ilə keçirilən 27 oyunda cəmi 6 qol buraxır. Həmin il komanda yenidən çempion titulunu özünə qaytarır.

1963-cü ildə Lev Yaşin “Frans futbol” jurnalı tərəfindən təsis edilən dünyanın ən yaxşı futbolçusu nominasiyası üzrə “Qızıl top” mükafatına layiq görülüb. 1964-cü ildə sovet yığması Avropa kubokunda ikinci yer tutdu. 1966-cı ildə isə Lev Yaşinin İngiltərədəki dünya çempionatda oyunu çox uğurlu alındı.

1972-ci il mayın 27-də Lujniki stadionunda Lev Yaşinin “Dinamo”nun heyətində dünya yığması ilə vida matçında oyunu yenə də pərəstişkarlarının diqqət mərkəzində idi. Meksika çempionatının bombardiri H.Müller çox çalışsa da, “Dinamo”nun qapısından bir top belə keçirə bilmədi. Onun gözəl oyununa heyran qalan Qərbi Almaniya komandasının forvardı deyirdi: “Necə məgər, Lev Yaşin futbolu tərk edir? Yox, inanmıram, Bu, mümkün deyil, o, əvəzedilməzdir”. 

O, futbolu krallara layiq tərk etdi, məğlubiyyətsiz, heç kəsə əyilmədən. Amma idmanı birdəfəlik tərk etmədi. Doğma “Dinamo”da idman fəaliyyətini davam etdirdi, bu dəfə qapıçı kimi yox, komandanın rəhbəri kimi.

1985-ci il iyulun 27-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti X.A.Samaranç Lev Yaşini BOK-un “Olimpiya” ordeni ilə təltif etdi.

Beynəlxalq Futbol Federasiyası onu XX əsrin “Ən yaxşı qapıçısı” adına layiq görmüşdü. 

Beynəlxalq dərəcəli Əməkdar idman ustası olan Lev Yaşin 1954, 1955, 1957, 1959, 1967-ci illərdə SSRİ çempionu, 1953, 1967 və 1970-ci illərdə SSRİ kubokunun və “33 ən yaxşı idmançı” nominasiyası üzrə mükafatın sahibi (1956,1957, 1959, 1960, 1961, 1962, 1963, 1964, 1965, 1966, 1968) olub. Əfsanəvi qapıçı Avropa Kubokunun qalibi (1960), gümüş mükafatçısı (1964), XVI Yay Olimpiya Oyunlarının çempionu (Melburn-1956), “Ballon d’Or”un (1963), eləcə də FIFA-nın “Futbolda xidmətlərinə görə qızıl orden” mükafatının sahibi (1988) idi.

Qeyd edək ki, Lev Yaşin “Ballon d’Or” mükafatını qazanan yeganə qolkiperdir. Fransanın “Frans futbol” nəşri ötən il Lev Yaşini dünya futbol tarixinin ən yaxşı qolkiperi adlandırıb.

Qapıçı karyerası ərzində 812 matç keçirib. Onların 207-də qapısından top buraxmayıb. SSRİ yığmasında 79 matç keçirən Yaşin 75 dəfə yığmanın qapısını qoruyub.

Lev Yaşin 1990-cı il martın 21-də 61 yaşında xəstəlikdən dünyasını dəyişib.