Bakı, 4 noyabr, Sporaz.tv
Andrea Stella Braziliya QP-də yaşadıqları problemlərin həlli üçün çalışacaqlarını bildirib və Maks Verstappeni təbrik edib.
Sporaz.tv xəbər verir ki, “McLaren” komandasının rəhbəri Andrea Stella Braziliya Qran Prisində yaşadıqları problemlərlə bağlı açıqlama verib.
Xüsusilə yaş səthlərdə təkərlərin kilidlənməsi problemlərinə toxunan Stella, yarış boyunca alınan strateji qərarların arxasında dayanaraq, çatışmazlıqların aradan qaldırılması üçün komanda olaraq çalışacaqlarını bildirib.
Stella deyib: “Əvvəla, mən Maksı bu mövsüm ən yaxşı qələbələrindən birini qazanması münasibətilə təbrik etmək istərdim. O, yarışın əvvəlindən güclü performans nümayiş etdirdi və bu qələbəyə layiq idi. Yarışda bizim üçün çoxlu insidentlər oldu, lakin ən böyük problemlərdən biri yaş havada təkərlərin kilidlənməsi problemi idi. Landonun startda mövqeyini itirməsi, ötmə qabiliyyətimiz və ardınca yağan yağış təkər strategiyamızı çətin vəziyyətə saldı. Virtual təhlükəsizlik avtomobili zamanı təkərləri dəyişdirmək qərarına gəldik, çünki yağışın artacağını bilirdik. Əgər qırmızı bayraq olmasaydı, bu qərar çox fərqli nəticə verə bilərdi. Yarış zamanı həm Lando, həm də Oscar təkərlərin kilidlənməsi problemi ilə üzləşdilər. Bu, təkcə pilotların yaratdığı problem deyil, biz avtomobilimizin belə şəraitdə necə davrandığını başa düşməliyik. Növbəti yarışlarda bu problemi həll etməyə çalışacağıq”.
“Sürücülərin çempionatı indi demək olar ki, əlçatmazdır, lakin bizim prioritetimiz həmişə komandaların çempionatı olub. Məqsədimiz mövsümün son yarışlarında mümkün olan ən yüksək performansı göstərmək və mövsüm boyu göstərdiyimiz yüksək standartları qorumaqdır”.
Məhəmməd Qasımov