“Sabah”ın baş məşqçisi məğlubiyyəti belə şərh etdi

Bakı, 29 sentyabr, Sporaz.tv

Bu gün Misli Premyer liqasının 8-ci turun son matçında “Qarabağ” “Sabah“ı qəbul edib.

Sporaz.tv xəbər verir ki, matç, “Ağdam” klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Sabah” klubunun baş məşqçisi Krunoslav Renduliç məğlub olduqları oyundan sonra bağlı saytımıza bu açıqlamarı verib:

-Əvvəlcə “Qarabağ”ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Sabah yeni gün başlayır.

Futbolçularınız təbrikə layiqdirsə, niyə ilk 10 dəqiqədə o cür səhvlər etdi?

-Əlbəttə ki, bütün bunlara görə məşqçi məsuliyyət daşıyır. Start heyətini mən seçirəm.

Boyan Letiç bu gün iki assist etdi. O, assist sayında liderdir. Amma müdafiəçinin işi tam bu deyil. Yarımmüdafiədə onun kimi məhsuldar oyunçunuz yoxdur?

-Niyə belə nəticəyə gəlirsiz ki, onun işi məhsuldar ötürmək vermək deyil? Qərarı mən verirəm ki, künc zərbəsini, standart vəziyyətləri kim yerinə yetirəcək. Çox şadam ki, həqiqətən assist sayısında liderdir. Onun keyfiyyəti var və bunu davam etdirməlidir.

“Sabah” ən çox qol buraxan 3 komandadan biri, ən çox qol vuran iki komandadan biridir. Son oyunlarda Nicat Mehbalıyevin qapıda dayanması nə ilə bağlıdır?

-Mən elə məşqçi deyiləm ki, hər futbolçunu 2-3 oyundan bir dəyişim. O demək deyil ki, Yusif İmanov pis çıxış edib. Nicat çox yaxşı çalışır. Sofia Çaklanın yerinə İqoru da oynatmışdım. Bu, faktdır, çox qol buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim.

Avrokuboklarda da çox qollar buraxırdız. Problemi kökündən həll etmək mümkün deyil?

-Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odur ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq.

Bahar Rüstəm

Leave a Reply