Ronaldo yeni rekorda imza atıb 

Bakı, 28 iyun, Sporaz.tv

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının Al Nassr (Əl-Nəsr) klubunun futbolçusu Cristiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb.

Sporaz.tv AZƏRTAC– a istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun ilk dəfə çıxış etdiyi Avro-2004-dəki birinci oyunu ilə Avro-2024-dəki son matçı arasında 20 il 14 gün fərq var.

Ulduz futbolçu bu göstərici ilə Almaniya yığmasının əfsanəvi oyunçusu Lothar Matthausu (20 il 6 gün) geridə qoyub. Onları digər portuqaliyalı Pepe və xorvatiyalı Luka Modric izləyirlər. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.

Qeyd edək ki, Portuqaliya seçməsi turnirdə mübarizəni davam etdirdikcə, Cristiano Ronaldo öz rekordunu daha da yaxşılaşdıracaq.