Formula 1-in Azərbaycada şərhçisi, Bakı qran-prisinin səfiri Rəhim Əliyev, sporaz.tv-nin suallarını cavablandırıb:
Max Verstappen İspaniya Qrand Prisindən bəri yarış qazana bilmir, sizcə bu qələbə həsrətinin səbəbi nədir?
Bu həftə sonu çempionatda 20-ci yarış baş tutacaq. Bu 19 yarışı iki hissəyə bölsək görəcəyik ki, ilk 10 yarışda Max Verstappen 7 qələbə qazanıb. Sonrakı 9 yarışda Verstappenin heç bir qələbəsi yoxdur. Səbəbi odur ki, Max 2023 mövsümündə 22 yarışın 21-ini qazanıb və bu ilki maşın keçən il olan maşının təkamülüdür. Onlar güman edirdilər ki, mənfilikləri aradan qaldırıblar və müsbətliklər gətiriblər. İndi isə görürük ki, əllərində olan maşını səhv istiqamətdə inkişaf etdiriblər. Keçən il onların dominantlığının səbəbi o idi ki, digər komandalar səhv istiqamətdə inkişaf etmişdilər və onların maşınları qat-qat zəif idi. İndi isə o komandalar “Red Bull”un əksinə düzgün istiqaməti seçərək daha çox inkişaf edib.
“Ferrari” Red Bull’u qabaqlaya bilər?
“Red Bull” çempionatda ikinci yox, üçüncüdür. “McLaren” və “Ferrari” ondan üstündür. Komanda Barselona QP-dən bu yana maşının inkişafı istiqamətini düzgün seçməyib. Rəqiblər isə əksinə, maşının inkişafı üçün düzgün istiqaməti seçiblər. “Ferrari”də səhv etdi, lakin onlar bu səhvi daha erkən gördü və həll etdi. “Red Bull”un və Max Verstappenin hazırda liderlik etməsinin əsas səbəbi, McLaren’in tək rəqib olmamasıdır. Son 9 yarışda 3 fərqli komandanın fərqli sürücüləri qalib olublar. Ona görə də, Verstappenin üstünlüyü davam edir. Yerdə qalan 5 yarışda kimin qalib gələcəyini öncədən demək mümkün deyil. Ola bilər ki, Leclerc, Sainz qalib gəlsin və ya “Mercedes” güclü olsun. Hətta ola bilər ki, “Red Bull” hansısa yarışda üstün olsun. Onlar həm yay tətili, həm də 4 həftəlik fasilədə maşının üstündə ciddi işlər görmüş ola bilərlər.
Norris bu vəziyyətdən yararlanaraq çempion ola biləcək?
Son yarışda da gördük ki, onlar Norrislə xal fərqini artırdılar. Norrisin çempion ola biləcəyini və ya bilməyəcəyini indidən demək çətindir. Əgər sadəcə bir komanda, məsələn “McLaren” rəqib olsaydı, onda bütün yarışları onlar qazanır, komanda əmri ilə Norrisi çempion etmək olardı, lakin indi elə yarış olacaq ki, orada “Mercedes” aşkar favorit olacaq, eləsi var ki, “Ferrari” favoritdir hətta eləsi var ki, “Red Bull”un özü favorit olsun. Bu 4 komanda bərabər səviyyədə mübarizəni davam etdirir və bu da Verstappenin xeyrinədir. Çempionatda Bakıdan başlayaraq “McLaren” “Red Bull”u qabaqladı və xal fərqini artıra-artıra gedir və nəzərə alsaq ki, “Ferrari”də həddindən artıq yaxındır. Perez yaxşı çıxış edə bilmir. Max “Red Bull”u tək başına çiynində daşıyır. Böyük ehtimalla Meksika QP-dən etibarən “Ferrari” ikinciliyi ələ alacaq. Əgər Lecler Austindəki kimi çıxış edərsə, Çempionatda “Ferrari”ni qələbəyə əsas namizəd hesab etmək olar. Onlar komandalar çempionatını sonuncu dəfə 16 il əvvəl qazanıb. Bu ilin sonuna qədər onlar “Red Bull”u keçəcəklər, hər iki komandanın sürücüsü xal qazanır. Çempionatda kimin birinci olacağını bilmək olmaz.
Məhəmməd Qasımov