Quaresma üçün sürpriz talib

Bakı, 24 avqust, Sporaz.tv

Bolqarıstanın “CSKA 1948” komandasının “Beşiktaş“ın sabiq futbolçusu Ricardo Quaresma ilə maraqlandığı iddia edilir. 40 yaşlı Quaresma 2 ildir heç bir komandada oynamayıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın sabiq ulduzu Ricardo Quaresmanın Bolqarıstanın CSKA 1948 komandası ilə transfer görüşü olduğu iddia edilir.

Portuqaliyalı futbolçunun nümayəndələri mümkün transferlə bağlı “CSKA 1948” rəhbərliyi ilə ilk əlaqə saxlayıb.

Bolqarıstan komandasının Quaresmanın xərcini qarşılamaqda problem yaşamayacağı, ancaq ulduz futbolçunun yaşının problem ola biləcəyi bildirilir.

40 yaşlı futbolçu 2 ildir heç bir komandada çıxış etmir.

Ricardo Quaresma iki ayrı mövsümdə (2010-2013 və 2015-2019) forma geyindiyi “Beşiktaş”ın heyətində 227 matça çıxıb və 38 qol və 77 məhsuldar ötürmə ilə ağ-qara komandaya töhfə verib.

Bahar Rüstəm