“Qarabağ”ın çətin də olsa, geri dönüş edib, mərhələni keçəcəyinə inanıram”

Bakı, 26 avqust, Sporaz.tv

İdman jurnalisti Ceyhun Rzayev UEFA Çempionlar liqasının play-off mərhələsində “Qarabağ” – “Dinamo Zagreb” matçını dəyərləndirib.

Sporaz.tv müsahibəni təqdim edir:


“Əvvəla onu qeyd etmək lazımdır ki, Zagrebdəki oyunun nəticəsi meydandakı oyunu əks etdirmir. “Qarabağ” Zagrebdə çox üstün oynadı, xeyli qol mövqeləri var idi, sadəcə şanssızlıq yaşadı, qol vəziyyətlərindən istifadə edə bilmədi. “Qarabağ”ın Bakıda mərhələni keçmək şansı mənə görə, çox minimaldır. İlk səbəb hesabın böyük olması, ikincisi isə, heyətdəki ciddi itkilər: Yankovic, Veşovic və Romaonun olmaması.


Amma minimal olsa da, şans təbii ki, var. “Qarabağ” elə bir komandadır ki, Qurban Qurbanov elə bir baş məşqçidir ki, hətta bir faiz şans olsa belə, o bir faiz şansdan istifadə etmək üçün hər şeyi edəcək. Mən düşünürəm ki, “Qarabağ” erkən qol vurarsa, ən azından fasiləyə 1-0 üstün gedərsə, kifayət qədər mərhələni keçmək şansı olacaq. Müdafiədə diqqətli olmalıyıq, çünki biz hücum futbolu oynayacağıq. Onlar Zagrebdəki kimi, qol vurmağa çalışacaqlar. Start vəziyyətdə diqqətli olmalıyıq. “Qarabağ” həmişə ənənəvi futbolunu oynayır. Qurban Qurbanovun əsas prinsipi ənənəvi futboldur. O deyir ki, “Mən dominant futbol, hücum futbolu oynayıram”. Qurbanovun alternativ variantdan da istifadə edəcəyini düşünmürəm. Qarabağ həmişəki futbolunu oynayacaq. “Qarabağ”ın çətin də olsa, geri dönüş edib, mərhələni keçəcəyinə inanıram”.

Bahar Rüstəm