“Qarabağ”, Çempionlar Liqasında gecəyə damğasını vurdu

Bakı, 14 avqust, Sporaz.tv

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda gecənin ən parlaq nəticəsini Azərbaycan təmsilçisi “Qarabağ” əldə edib.

Sporaz.tv xəbər verir ki, Qarabağ komandası, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə səfərdə Bolqarıstan təmsilçisi “Ludogorets“i 7:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

İlk oyununu evdə 2:1 hesabı ilə uduzan təmsilçimiz, cavab qarşılaşmasının 90 dəqiqəsini 3:2 hesabı ilə öndə tamamlayıb və matç əlavə vaxta gedib. Əlavə vaxtda 4 qol vuran “Qarabağ”, 7:2 hesablı qələbə ilə gecəyə damğasını vurub.

Bir müddət Fenerbahçe (Fənərbaxça) və “Hatayspor“da da çıxış edən “Qarabağ”ın əlcəzairli futbolçusu Yassine Benzia 2 qol və 1 məhsuldar ötürmə ilə ulduza çevrilib.

Azərbaycan komandasına qələbə qazandıran qolları 6-cı dəqiqədə Juninho, 45+2 və 118-ci dəqiqələrdə Yassine Benzia, 45+6 və 112-ci dəqiqələrdə Patrick, 93-cü dəqiqədə Tural Bayramov və 110-cu dəqiqədə Redon Xxixha vurub.

Kwadwo Duahın 14 və 23-cü dəqiqələrdə vurduğu qollar “Ludogorets”-ə yetərli olmayıb.

“Qarabağ”, Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo Zaqreb” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 20 -də Xorvatiyada, cavab oyunu isə avqustun 28-də Azərbaycanda keçiriləcək. Bu görüşdə qalib gələn komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək.