Okan Burukdan Mourinhoya cavab

Bakı, 3 sentyabr, Sporaz.tv

Galatasaray“ın baş məşqçisi Okan Buruk “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun açıqlamalarına cavab verib. Mourinhonun psixoloji savaş başlatmağa çalışdığını bildirən Buruk, “Lazım olmadıqca cavab verməyəcəyəm” deyib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nın baş məşqçisi Jose Mourinho “Alanyaspor” matçından sonra “Türkiyədə yalnız Galatasaray kart almır” deyib.

Portuqaliyalı çalışdırıcı daha əvvəl “Əmin olduğum bir şey var ki, “Galatasaray”ın baş məşqçisi Okan Buruk 4 metr meydançaya kart almadan girə bilir. Ancaq kart görmədən 1 metr belə içəri girə bilmirəm. “Galatasaray”ın futbolçusu başqa bir futbolçunun üzünə yumruq vurub, kart ala bilməz. Mən bunu ilk həftədə öyrəndim” demişdi.

Okan Buruk portuqaliyalı çalışdırıcının bu sözlərinə cavab verib.

Təcrübəli məşqçi TV100-ə açıqlamasında “Mən Jose Mourinhonu çox yaxşı tanıyıram və onun açıqlamaları ilə nə etmək istədiyini başa düşürəm. O, “Chelsea”, “Real Madrid” və “Roma”da etdiklərini etmək istəyir. Ən güclü gördüyü rəqibə qarşı psixoloji müharibəyə başlayaraq əlavə təzyiq yaratmağa çalışır. Mən Mourinhonun tələsinə düşməyəcəyəm” dedi.

“Lazım olmadıqca ona cavab verməyəcəyəm” deyən Okan Buruk, “Hər kəs öz komandasının qayğısına qalmalıdır, bu, hamı üçün daha yaxşıdır. Bir-birimiz üçün çox darıxsaq, 6-cı həftədə görüşərik”.

Bahar Rüstəm