O, transfer haqqını öz cibindən ödədi , komandasını növbəti liqaya çıxaran qolu vurdu

Bakı,13 may,Sporaz.tv

İspaniyanın 3-cü liqa komandalarından olan “Deportivo La Koruna” “Barcelona Atletic“i 1:0 hesabı ilə məğlub edərək 2-ci liqaya yüksəlib. “Deportivo”ya qələbə qazandıran qolu transfer pulunun yarısını öz cibindən ödəyən Lukas Peres vurub.

Sporaz.tv xəbər verir ki , İspaniya 3-cü liqasının 36-cı turunda kritik qarşılaşma yaşanıb. 71 xalla birinci olan “Deportivo La Koruna” 67 xalla 2-ci pillədə qərarlaşan “Barselona Atletic”i qəbul edib.

“Deportivo La Koruna” 1:0 hesabı ilə qalib gələrək İspaniya 2-ci Liqasına yüksəlməyə zəmanət verdi. “Deportivo”ya qələbə qazandıran qolu 57-ci dəqiqədə cərimə zərbəsindən Lukas Peres vurub.

Daha əvvəl 3 il “Deportivo La Koruna”da çıxış edən Lukas Peresin 2022-23 mövsümünün ara transfer dövründə keçmiş komandasına qayıtmasının qeyri-adi hekayəsi var.

Mövsümə “Kadis”də başlayan təcrübəli hücumçu ara transfer dövründə 1 milyon avroya “Deportivo La Koruna”ya gedib.

35 yaşlı hücumçu çətin iqtisadi dövrlər yaşayan keçmiş komandasına transfer olunmaq üçün transfer haqqının yarısını öz cibindən ödəyib.

Bu qeyri-adi transfer hekayəsindən sonra Lukas Peres dünən gecə komandasını növbəti liqaya çıxaran qolu vuraraq karyerasının unudulmaz axşamlarından birini yaşadı.

Bu mövsüm “Deportivo La Koruna” ilə liqada 30 matça çıxan Lukas Peres 13 qol və 17 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Bahar Rüstəm