Bakı, 31 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın alış opsiyonu ilə “Atalanta“-ya icarəyə verdiyi Nicolo Zaniolo, son matçda məşqçisinin diqqətini çəkib. Zaniolonun yüksəlişi “Galatasaray” cinahında da sevinclə qarşılanıb.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”, yeni mövsümdən əvvəl Nicolo Zaniolonu şərti məcburi alış opsiyonu ilə “Atalanta”-ya göndərib.
“Atalanta”, Zaniolo üçün “Galatasaray”-a 6,4 milyon avro icarə haqqı ödədiyi halda, futbolçunun alış opsiyonu reallaşarsa, sarı-qırmızılıların xəzinəsinə daha 15,5 milyon avro daxil olacaq. Digər tərəfdən, Nicolo Zaniolonun mümkün yeni müqaviləsinə maksimum 2 milyon avroluq şərti bonus da daxildir.
“Atalanta”-nın heyətində hələ də ilk 11-likdə yer ala bilməyən Nicolo Zaniolo son Monza matçında məşqçisi Gian Piero Gasperininin diqqətini çəkib. Matçın 66-cı dəqiqəsində oyuna daxil olan italyan futbolçu, effektiv oyunu ilə diqqət çəkib.
Gasperini 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra verdiyi açıqlamada Zaniolonun çıxışını yüksək qiymətləndirib.
66 yaşlı məşqçi: “Effektiv oyun keçirən Zanioloya görə xoşbəxtəm”- deyib.
Bu mövsüm “Atalanta” forması ilə Serie A və Çempionlar Liqasında cəmi 9 matça çıxan və 189 dəqiqə meydanda qala bilən Zaniolo, 1 məhsuldar ötürmə edib.