Necla Güngör Kıragası: “Bizi Azərbaycan yığması ilə iki kritik matç gözləyir”

Bakı, 31 may, Sporaz.tv

“Bizi Azərbaycan yığması ilə iki kritik matç gözləyir”.

Sporaz.tv məlumat verir ki, bu sözləri qadın futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi “Necla Güngör Kıragası(Necla Güngör Kıraqası)” Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunlardan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis hər iki matça ciddi hazırlaşdıqlarını bildirib: “Komandamızda motivasiya yüksək səviyyədədir. Bu oyunların bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunun fərqindəyik. Rəqibi yaxşı analiz etmişik. Yaxşı heyəti var, lakin biz də güclüyük, öz üzərimizdə çox işləyirik. Oyunçularımızı istədiyimiz səviyyəyə çatdırmaq üçün çalışırıq. Qardaş ölkə ilə hər iki matçda qələbə qazansaq, pley-offa yüksələ bilərik. Seçmə mərhələdəki ilk görüşümüzdə İsveçrəyə məğlub olduq, amma daha sonra Macarıstana qalib gəldik. İndi Azərbaycanla qarşılaşmalar xəyallarımızın gerçəkləşməsi baxımından xüsusi önəm kəsb edir. Doğma meydanda qalib gələrək, Bakıya yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik. Orada da qələbə qazanıb, pley-off mərhələsinə vəsiqəni təmin bilərik”.

Qeyd edək ki, komandalar arasında matçlar bu gün Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.