“NBA”ya dodaq uçuqladan təklif

Bakı, 11 iyul, Sporaz.tv

NBA rəhbərliyi yayım gəlirlərində 3 dəfədən çox artım əldə edib. Liqanın 11 illik yayım hüququ üçün 76 milyard dollarlıq təklif qəbul edilib.

Sporaz.tv xəbər verir ki, NBA-nın yeni yayım hüquqları müqaviləsi diqqət çəkib. Dünyanın ən əhəmiyyətli basketbol liqasının 11 illik yayım haqqları 76 milyard dollara satılır.

Amerika mətbuatının yazdığına görə, NBA rəhbərliyi 3 platformadan ibarət konsorsiumun 76 milyard dollarlıq təklifini qəbul edib. Yeni müqavilə ilə liqanın yayım gəliri üç dəfədən çox artacaq.

Liqanın hazırkı yayım kanalı ilə olan 40 illik əməkdaşlıq da sona çatacaq. 76 milyard dollarlıq müqavilə ilə NBA finalları ölkənin məşhur idman kanalı ESPN-də yayımlanacaq.

Bundan əlavə, dünyaca məşhur bir internet platforması yayımçı olaraq bütün dünyada müntəzəm mövsüm matçlarını yayımlayacaq. Yeni müqavilə 2025-2026 mövsümü ilə qüvvəyə minəcək.

Əldə edilən razılaşma klubların gəlirlərinə və oyunçu müqavilələrinə də müsbət təsir göstərəcək. NBA-dakı ulduz oyunçuların 2030-cu ildən sonra ümumi dəyəri milyard dollar olan müqavilələr imzalamağa başlayacağı bildirilir.