Mövsümün rekordu qeydə alınıb

Bakı, 15 may, Sporaz.tv

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.

Yerli mediya Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Füzuli”–in futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub. O, II Liqanın XXV turunda fərqlənib.

Hücumçunun qolları “Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırıb. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb. Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993-1994-cü illər mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib. Üç il sonra – 1996-1997-ci illər mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Mənbə:AZƏRTAC