Bakı, 14 noyabr, Sporaz.tv
Formula 1 2031-ci ilə qədər Monako küçələrində yarışlarını davam etdirəcəyini açıqlayıb.
Sporaz.tv məlumat verir ki, Monakonun dar küçələrində indiki avtomobillərlə yarışmaq çətin olduğu üçün bir müddətdir ki, dövrənin F1-də gələcəyi ilə bağlı şübhələr var idi.
Bununla belə, Formula 1 və Monako daha 6 il təqvimdə qalacaq razılığa gəldiklərini açıqladılar. Monako yeni müqaviləsi çərçivəsində tarixi dəyişəcək və 2026-cı ildən etibarən ənənəvi may ayının sonundan iyunun ilk həftəsonuna keçəcək. Bu o deməkdir ki, Monako GP artıq “Indianapolis 500” ilə toqquşmayacaq. F1-in CEO-su Stefano Domenicali yeni müqavilə haqqında deyib: “Formula 1-in 2031-ci ilə qədər Monakoda yarışını davam etdirəcəyinə şadam. Monte Karlo küçələri həqiqətən unikaldır və Formula 1-in mühüm hissəsidir. Monako Qran Prisi bütün pilotların qalib olmaq arzusunda olduğu yarış olaraq qalır. Monako Şahzadəsi II Albertə, Monako Avtomobil Klubunun prezidenti Michel Boeriyə və bu mühüm tərəfdaşlığın genişləndirilməsində əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm.”
Məhəmməd Qasımov