Millimiz İrlandiyaya qarşı mübarizə aparacaq

Bakı, 14 iyul, Sporaz.tv

İyulun 14-də Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirəcək.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.

Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.

Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.