Bakı, 15 noyabr, Sporaz.tv
ABŞ-nin inter Miami (İnter Mayami) klubunun və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində qarşılaşdıqları Paragvay ilə matçın baş hakimini təhqir edib.
Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.
Buna qəzəblənən Messi hakimə özünü biabır etdiyini və ondan xoşu gəlmədiyini deyib.
Qeyd edək ki, görüş Paragvay yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 11 turdan sonra Argentina 22 xalla turnir cədvəlində ilk pillədədir. Paragvay yığması isə 16 xalla altıncıdır.