Kosticdən transfer etirafı

Bakı, 10 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin yeni transferi Filip Kostic klub kanalına açıqlama verib. Dusan Tadiclə yaxın dost olduğunu deyən Kostic, Jose Mourinho ilə işləməkdən xoşbəxt olduğunu dilə gətirib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin “Juventus”dan icarə əsasında heyətinə qatdığı Filip Kostic klub kanalı FBTV-yə açıqlama verib. Kosticin açıqlamaları belədir:

“Demək istəyirəm ki, burada olmaqdan çox xoşbəxtəm. Mən çox həyəcanlıyam və komanda yoldaşlarımla məşq etmək üçün səbirsizlənirəm. Açığı, ilk gündən “Fenerbahçe”yə gəlmək istəyirdim. Mənim üçün vacib səbəblərdən biri Dusan Tadic və Jose Mourinhonun burada olmasıdır.

Tadic mənim ən yaxşı dostlarımdan biridir, uzun müddətdir millidə birlikdəyik, ona görə də onunla yenidən “Fenerbahçe”də oynamaqdan çox xoşbəxtəm.

Jose Mourinho ilə işləmək mənim üçün böyük zövq və həzz olacaq. O, dünyanın ən yaxşı məşqçilərindən biridir. Ümid edirəm ki, hamımız birlikdə nəsə qazana bilərik. Əlimdən gələni göstərəcəyəm. Klub və azarkeşlər üçün əlimdən gələni edəcəyəm.

“Groningen”də oynayanda çox bəxtim gətirmədi, oynaya bilmədim. Açığı, Tadici əvəzləmək, onu kəsmək çox çətin idi. Təbii ki, əlimdən gələni edəcəyəm. Deyə bilərəm ki, Dusan Tadic ən yaxşı oyunçudur. Həmişə onunla oynamaq istəmişəm. Artıq bir neçə ildir ki, onunla millidə bir yerdəyik, ona görə də klub əsasında yenidən bir yerdə olmaq məni çox sevindirir.

Təbii ki, onunla və digər komanda yoldaşlarımla oynamaq həqiqətən gözəl olacaq. Və bu böyük klub üçün mübarizə aparmaq sevindiricidir”.

Bahar Rüstəm

Leave a Reply