İrfan Can Kahvecidən “Fenerbahçe” qərarı

Bakı, 5 iyun, Sporaz.tv

Ötən mövsüm karyerasını “Fenerbahçe”də nümayiş etdirən İrfan Can Kahveci ilə bir çox Avropa komandası maraqlanırdı. “Sarı-göy” komandada 1 illik müqaviləsi qalan milli futbolçunun taleyinə aydınlıq gəlir.

Sporaz.tv xəbər verir ki, İrfan Can Kahveci “Fenerbahçe”nin 99 xalla liqanı 2-ci pillədə bitirdiyi mövsümə damğasını vurdu.


Futbolçu çıxışı ilə böyük fərq yaradıb və karyerasının ən məhsuldar mövsümünü keçirib. Göz qamaşdıran çıxışından sonra Avropa komandalarının arxasınca düşən futbolçu “Fenerbahçe”dəki gələcəyi ilə bağlı son qərarını verməyə hazırlaşır.


“Sarı-göylü” komanda ilə 1 illik müqaviləsi olan İrfan Can Kahveci “Fenerbahçe”də qalmaq istəyir. Avropadan talibləri olan 28 yaşlı futbolçu mövsüm başlamadan “Fenerbahçe” ilə yeni müqavilə imzalayacaq.


İrfan Can Kahveci bu mövsüm “Fenerbahçe”nin heyətində 46 matçda forma geyinib. Türkiyənin milli ulduzu bu matçlarda 18 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bahar Rüstəm