“Galatasaray” klubunun prezidenti, 71-ci ildönümündə anılır

Bakı, 29 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray) klubunun qurucusu, Türkiyə idmanının qabaqcıllarından olan Ali Sami Yen ,vəfatının 71-ci ildönümündə anılır.

Sporaz.tv xəbər verri ki, məşhur dilçi və yazıçı Şəmsəddin Saminin ikinci oğlu Ali Sami Yen 1886-cı il mayın 20-də İstanbulda anadan olub.

Yen ibtidai təhsilini atasından alıb və daha sonra Galatasaray Liseyinə göndərilib. Orta məktəbdə oxuduğu müddətdə dövrün siyasi, ədəbi və idman inkişaflarını yaxından izləyən Yen, bir qrup sinif yoldaşı ilə futbol klubu qurmağa qərar verib. Ali Sami Yen və dostları 1905-ci ilin oktyabrında orta məktəbdə ədəbiyyat dərsində Galatasaray klubunu qurdular. Ali Sami Yen klubun bir nömrəli qurucu üzvü və ilk prezidenti oldu.

Ali Sami Yen, “Galatasaray”ı qurmaqda məqsədini belə izah edib: “Məqsədimiz ingilislər kimi kollektiv şəkildə oynamaq, rəng və ad sahibi olmaq və türk olmayan komandaları məğlub etməkdir”.

Qəşəng oyunu və güclü driblingləri ilə Galatasarayda yarımmüdafiənin əvəzolunmaz oyunçularından biri olduğu deyilən Ali Sami Yen, 1907-ci ilin sonlarında Kadıköy komandası ilə oynadığı və 3-0 qalib gəldiyi matçda ayağını sındırıb. Uzun müalicələrdən sonra meydançaya qayıdan Yen, artıq əvvəlki kimi oynaya bilmədiyi üçün futbolçu karyerasına son qoyub.

Ali Sami Yen ümumilikdə 14 il “Galatasaray” klubunun prezidenti vəzifəsində çalışıb.

Yen, yarandığı ildən 1918-ci ilə kimi fasiləsiz 13 il, 1925-ci ildə isə bir il sarı-qırmızılı klubun prezidenti vəzifəsində çalışıb.

Türkiyədə ilk idman muzeyini quran Ali Sami Yen, həm də ilk futbol kitabını yazan şəxs olub.

Yenin 1915-ci ildə Kalamışdakı klubda qurduğu və daha sonra Galatasaray Liseyinə köçürdüyü muzey, Türkiyənin ilk idman muzeyi olaraq qeyd edilib.

Ali Sami Yenin yazdığı “Futbol kitabı” adlı əsər 1927-ci ildə nəşr olunub. Futbolun texniki və elmi qaydalarını ehtiva edən əsər, Türkiyədə futbol sahəsində yazılmış ilk kitabdır.

Ali Sami Yen 29 iyul 1951-ci ildə 65 yaşında vəfat edib.

Yenin cənazəsi Feriköy qəbiristanlığında torpağa tapşırılıb.

“Galatasaray”ın uzun illər oyunlarını keçirdiyi və 2011-ci ildə sökülən Mecidiyeköydəki stadiona Ali Sami Yenin adı verilib.

Bu gün sarı-qırmızılı komandanın çıxış etdiyi “Nef” stadionu Ali Sami Yen adına idman kompleksində yerləşir.