“Galatasaray” axtardığı sağ cinah müdafiəçisini tapıb

Bakı, 18 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray), axtardığı sağ cinah müdafiəçisini yenidən Fransada tapıb. “Sarı-qırmızılar”, “Rennes“də çıxış edən 21 yaşlı futbolçu,  Guela Doue və klubu ilə anlaşma mərhələsinə çatıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”da sağ cinah müdafiəçisi axtarışları başa çatıb.

“Galatasaray” həmçinin “Kopenhagen”dən Elias Jelert və Manchester United (Mançester Yunayted)-dən Aaron wan Bissaka  ilə də görüşüb. Rəhbərlik maliyyə şərtləri baxımından ən uyğun ad olan Doue ilə bağlı qərar verdi.

Galatasaray əvvəlki sağ cinah müdafiəsini 2021 – 2022 mövsümündə “Rennes”dən Sacha Boeyi transfer etməklə reallaşdırmışdı. Fransız futbolçu, daha sonra rekord məbləğə – 30 milyon avroya “Bavariya”ya yollanıb. Guela Doue-nin də analoji töhfə verə biləcəyi düşüncəsi gənc oyunçunun seçilməsində mühüm rol oynadı. Okan Burukun 21 yaşlı futbolçunu çox bəyəndiyi və onu heyətində görmək istəməsi də xəbərlər arasındadır…

“Galatasaray”ın bu transfer üçün Fransa komandasına təxminən 6 milyon avro ödəyəcəyi gözlənilir. Müqavilədə performansla bağlı bonusların da yer alacağı öyrənildi. Futbolçunun illik 1.2 milyon avro maaş alacağı bildirilib.

“Galatasaray” iyulun 22-də düşərgənin ikinci mərhələsi üçün yenidən Avstriyaya yollanacaq. Rəhbərlik yekun təfərrüatları tamamlamağı və futbolçunu həmin tarixə qədər düşərgəyə hazırlamağı qarşısına məqsəd qoyub.