Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılacaq

Bakı, 30may, Sporaz.tv

Bu gün futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılacaq.

Yerli media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:15-də start götürəcək. “Vitaliy Borsiov (Vitali Borisov)”un rəhbərlik etdiyi yığma üçüncü səbətdə yer alacaq.

40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara ev sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli komanda Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək təşkil olunacaq.

Mənbə:Azərtac