Fransadan FIFA-ya Argentina müraciəti

Bakı, 17 iyul, Sporaz.tv

Argentinalı futbolçuların Amerika Kubokunu qazandıqdan sonra fransız futbolçulara qarşı irqçi ifadələr ehtiva edən mahnı oxuması gərginlik yaşadıb. Baş verənlərdən çox narahat olan Fransa Futbol Federasiyası, FİFA-ya müraciət etmək qərarına gəlib.

Sporaz.tv xəbər verir ki, futbolda Fransa və Argentina arasında rəqabət arzuolunmaz həddə çatıb. Argentina milli komandasının futbolçularının fransız futbolçulara qarşı irqçi ritorikası FİFA-nın bu işə qarışmasına səbəb olub. Finalda Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək 2024-cü il Amerika Kubokunu qazanan argentinalı futbolçuların çempionat şənliklərindəki davranışı araşdırma mövzusu olub.

Final matçından sonra argentinalıların öz aralarında irqçi ifadələrdən ibarət mahnı oxumaları eşidilib. Mahnıda afrika köklü, fransalı milli futbolçular haqqında “Anaları nigeriyalı, ataları kamerunludur, lakin pasportlarında Fransa yazılıb” kimi cümlələr yer alıb.

Bu sözlərdən çox narahat olan Fransa Futbol Federasiyasının məsələni FİFA-ya daşımağa qərar verdiyi bildirilib. Futbol ictimaiyyətinin böyük reaksiyasına səbəb olan bu mahnı daha əvvəl 2022-ci il Dünya Çempionatının finalında Fransanı məğlub edərək çempion olduqdan sonra Argentinalı azarkeşlər tərəfindən oxunmuşdu.