Cristiano Ronaldo Çempionlar Liqasının püşkatma mərasimində mükafat alacaq

Bakı, 27 avqust, Sporaz.tv

UEFA, Çempionlar Liqası tarixinin bombardiri Cristiano Ronaldonun cümə axşamı keçiriləcək püşkatma mərasimində mükafatlandırılacağını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, 2024/25 mövsümündə Çempionlar Liqasında mübarizə aparmağa vəsiqə qazanan komandalar bu gün və sabah keçiriləcək matçlardan sonra müəyyənləşəcək.

Bu mövsüm klublar səviyyəsində Avropa futbolunun 1 nömrəli təşkilatında 36 komanda mübarizə aparacaq. Yeni mövsümün püşkatma mərasimi cümə axşamı, avqustun 29-da keçiriləcək.

UEFA cümə axşamı keçiriləcək püşkatma mərasimində Cristiano Ronaldonun mükafatlandırılacağını açıqlayıb.

Açıqlamada, “UEFA Çempionlar Liqasında bütün zamanların ən çox qol vuran futbolçusu Cristiano Ronaldo, dünyanın ən prestijli təşkilatında qoyub getdiyi mühüm irsə görə UEFA prezidenti Aleksandr Ceferin tərəfindən xüsusi mükafatla təltif olunacaq” deyilir.

Karyerasını Səudiyyə Ərəbistanının “Al-Nassr” komandasında davam etdirən Cristiano Ronaldo UEFA Çempionlar Liqasında 183 oyun keçirib.

Portuqaliyalı ulduz bu matçlarda 140 qol vuraraq 5 dəfə çempion, 7 dəfə bombardir olub.

17 qolla bir mövsümdə qol sayına görə rekordun sahib olan Ronaldo, ardıcıl 11 matçda da ən çox qol vuran futbolçudur.

Bahar Rüstəm