“Beşiktaş” Cenk Tosunla görüşlərə başlayır

Bakı, 8 iyul, Sporaz.tv

Türkiyə millisinin AVRO-2024-lə vidalaşmasından sonra ölkəyə qayıdan Cenk Tosunun müqaviləsi başa çatan “Beşiktaş“la yenidən masaya oturacağı bildirilib.

Sporaz.tv xəbər verir ki,  beynəlxalq transferlərdə heyətini gücləndirmək üçün səylərini davam etdirən “Beşiktaş” daxili transferlərdə də boş qalmır. Salih Uçanla müqaviləni yeniləyən “ağ-qara” rəhbərliyin Cenk Tosunla da masa arxasına əyləşəcəyi öyrənilib.

Türkiyə milli komandası AVRO-2024-ün 1/4 finalında mübarizədən kənarlaşdırıldıqdan sonra vətənə qayıdan Cenklə tezliklə danışıqlar başlayacaq.


“Beşiktaş”da həm rəhbərlik, həm də təcrübəli hücumçunun yeni müqaviləyə müsbət yanaşdığı öyrənilib.

“Qara-ağlı” menecerlərin milli futbolçuya maaş üçün Salihin imzaladığı məbləği təklif edəcəyi və bu rəqəm əsasında danışıqlara başlanacağı bildirilib.

Hər iki tərəf yeni müqaviləni istəsə də, hər hansı problem olarsa, Cenki istəyən komandalar az deyil və təcrübəli hücumçunun mənfi vəziyyətdə onlarla görüşəcək.

Ötən mövsüm Cenk Trendyol Super Liqası, Ziraat Türkiyə Kuboku və UEFA Avropa Konfrans Liqasında ümumilikdə 46 matçda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu Avropa çempionatında 2 matçda 25 dəqiqə şans qazanıb və 1 dəfə fərqlənib.

Bahar Rüstəm