Benzema “Qızıl top”un favoritini açıqladı

Bakı, 22 iyul, Sporaz.tv

Karim Benzema deyir ki, Vinicius Junior “Qızıl top”un favoritidir. Təcrübəli hücumçu Kylian Mbappenin transferi ilə bağlı: “Gec-tez o, “Real Madrid”də oynayacaqdı. Mən həmişə belə düşünürdüm və belə də oldu”-deyib.

Sporaz.tv məlumat verir ki, karyerasını Səudiyyə Ərəbistanı liqasının komandalarından biri olan “Al-İttihad“da davam etdirən Karim Benzema “Marca”nın suallarını cavablandırıb.

Keçmiş komandası Real Madridin ötən mövsümdəki performansını dəyərləndirən hücumçu, “Mükəmməl bir mövsüm keçirdilər. “Real Madrid” həmişə dünyanın ən yaxşı komandasıdır. Oyunçular gəlib-gedir, amma “Real Madrid” həmişə zirvədədir”-fikirlərini ifadə edib.

Real Madriddən ayrıldığına görə peşman olmadığını ifadə edən Benzema, “Yeni oyunçular gəlir, bəziləri gedir. Bu, həmişə belə olub və bundan sonra da belə olacaq. Real Madriddən daha yaxşı ola biləcək komanda görmürəm”-fikirlərini bildirib.

“Real Madrid”in ulduzu Vinicius Jr. “Qızıl top”un favoriti hesab olunur. Təcrübəli hücumçu, “Viniciusu deyəcəm, çünki o, buna layiqdir. Bunu təkcə bu il deyil, əvvəlki mövsümlərdə də göstərdi. O, tam futbolçudur. “Real”da çox yaxşı oynayır. Madridin ona ehtiyacı var. Favorim Vini.”-deyə o, açıqlama verib.

“Real Madrid”in Paris Saint Germaindən heyətinə qatdığı Kylian Mbappe ilə bağlı Benzema “Gec ya tez Real Madriddə oynayacaqdı. Mən həmişə belə düşünürdüm və belə də olub. O, əla oyunçudur”-deyib.