Bakı, 14 oktyabr, Sporaz.tv
“Azərreyl” klubunun kişilərdən və qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.
Sporaz.tv xəbər verir ki, kişilər arasında keçirilən Avropa Kubokunun final matçında ”Azərreyl” İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandasına qalib gələrək çempion olub.
Komandalar arasında iki görüş keçirilib. Bir oyunda “Azərreyl”, digərində isə rəqib qalib gəlib. Ardınca çempionu müəyyən etmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunun qalibi adını qazanıb.
“Azərreyl”in qadınlardan ibarət komandası da bütün rəqiblərinə qalib gəlib. Qrup mərhələsində Avstriyanın “Bergstrand Beachvolleyball” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Türkiyənin “TVF Spor Lisesi Ihtisas Kulubu”na, yarımfinalda Macarıstanın “Ėdra Tata” klubuna qalib gələn xanımlarımız qələbə seriasını finalda da davam edib.
Final matçında “Azərreyl” Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib. Final görüşündə komandalar arasında keçirilən iki oyundan birində “Azərreyl”, ikincidə isə rəqib qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunun qalibi olub.
Mənbə:Qol.az