Azərbaycan çempionatında son 7 mövsümün rekordu təkrarlanıb

Bakı, 23 may, Sporaz.tv

Futbol üzrə Azərbaycan I Liqasında son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.

Yerli media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVII turda baş verib. “İrəvan”la “Karvan” arasında qarşılaşmada 11 qol vurulub.

Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudur. Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”-a 6:5 hesabı ilə qalib gəlib.

Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardır. Daha çox qola sonuncu dəfə 2016/2017-ci illər mövsümünün “Səbail” – “Bakı” qarşılaşmasında təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu qarşılaşmada meydan sahibləri 11:3 hesablı qələbə qazanıblar.

Mənbə:Azərtac