“Təəssüf ki, Azərbaycan bizim ölkədən olan məşqçiləri istəmir”

Bakı, 27 avqust, Sporaz.tv

Təcrübəli məşqçi Rıza Çalımbay gündəmlə bağlı əhəmiyyətli açıqlamalar verib. Çalımbay bu mövsüm Super Liqada çempionluq favoritini də açıqlayıb.

Sporaz.tv xəbər verir ki, nəhayət, bir müddət əvvəl “Beşiktaş“ı çalışdıran 61 yaşlı məşqçi Rıza Çalımbay Trendyol Superliqasında mövsümün çempionluq favoritini açıqlayıb.

“Ajansspor”a açıqlama verən Çalımbay iki İran komandasından təklif aldığını, lakin onları rədd etdiyini bildirib.

Fernando Santosun Azərbaycan Milli Komandasına rəhbər təyin olunmasından çox təəccübləndiyini bildirən Rıza Çalımbay, “Azərbaycan millisi ilə adımız hallandı, amma alınmadı. Mən Azərbaycanı tam başa düşə bilmirəm. Azərbaycan bizim ikinci ölkəmizdir. Təəssüf ki, bizim ölkədən olan məşqçiləri istəmirlər. Beşiktaşda uğursuz olan Santosu aldılar, çox təəccübləndim” dedi.

Digər tərəfdən təcrübəli çalışdırıcı Superliqada 2024-25 mövsümünün çempionluq favoritini də açıqlayıb.

Rıza Çalımbay, “Super Liqada 3 həftə keçdi. Kəskin şərhlər üçün hələ tezdir, amma oynanan futbol bizi “Beşiktaş” çempionluğuna ən böyük namizəd edir. “Beşiktaş” bu mövsüm çempionluq üçün favoritimdir. Anadoludan da irəli çıxan komandalar var idi. Önümüzdəki həftələrdə daha aydın fikir bildirmək olar” dedi.

Təcrübəli çalışdırıcı dünyasını dəyişən Christoph Daum haqda belə danışıb:

“Mən onun həm oyunçusu, həm də köməkçi məşqçisi olmuşam. O, çox yaxşı insan və çox yaxşı məşqçi idi. O, ölkəmizi çox sevən biri idi. Ruhu şad, məkanı cənnət olsun”.

Bahar Rüstəm