Arda Gülerdən komanda yoldaşı üçün emosional paylaşım

Bakı, 6 oktyabr, Sporaz.tv

Real Madrid“in təcrübəli ulduzu Dani Carvajal “Villarreal”a 2:0 hesabı ilə qalib gəldikləri matçda ciddi zədə alıb. Zədəsinin ilk anından komanda yoldaşını tək qoymayan türk futbolçu Arda Güler ​​matçdan sonra emosional paylaşım edib.

Sporaz.tv xəbər verir ki, İspaniya La Liqasının 9-cu həftəsində səfərdə “Villarreal”ı 2:0 hesabı ilə məğlub edən “Real Madrid” matçın son anlarında Dani Carvajjalın aldığı ağır zədədən şoka düşüb.

Yeremy Pino ilə qoşa mübarizədə topu kəsmək istəyərkən sağ ayağı rəqibini tutan Carvajal ağrıdan qəfil yerə yıxılıb.

Göz yaşlarını saxlaya bilməyən və xərəkdə oyundan çıxarılan ispan sağ cinah müdafiəçisinin müayinəsi zamanı çarpaz bağlarının qopduğu öyrənilib.

Carvajalın 8-10 ay meydanlardan uzaq qalacağı və böyük ehtimalla mövsümü bağlayacağı bildirilir.

Xəstəxanaya yerləşdirilən Dani Carvajal bu səhər verdiyi açıqlamada zədəsi ilə bağlı bunları deyib:

“Ciddi çarpaz bağ zədəm olduğu təsdiqləndi, əməliyyat olunmalıyam və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağam. Sağalmağa və heyvan kimi qayıtmağa səbirsizlənirəm. Mesajlarınız üçün hamınıza çox sağ olun, özümü çox sevilən hiss edirəm.”

Arda İnstaqram hesabındakı paylaşımında “Tez sağal, kapitan. Əminəm ki, ən qısa zamanda güclü qayıdacaqsan” dedi.