“Ağdam klubunun işi çətin olacaq”

Bakı, 7 noyabr, Sporaz.tv

UEFA Avropa Liqasının liqa mərhələsinin 4-cü turunda təmsilçimiz “Qarabağ” Norveç təmsilçisi “Bodo Glimt“lə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, ilk 3 turda məğlub olan təmsilçimiz, ilk qələbəsini almaq üçün meydana çıxacaq.

Matçın taleyi haqqında İdman jurnalisti Fuad Eldarovun fikirlərini öyrəndik:

“Bodo Glimt” Avropada əsil Norveç futbolunu təmsil edən komandadır. Heyətin əsası yerli futbolçulardan təşkil olunub. Bunun nəticəsini də klub lazımi səviyyədə ala bilir. “Bodo”-nun oyunlarına nəzər saldıqda istər daxili yarışlarda, istərsə də Avrokubok oyunlarında eyni temp və taktikada mübarizə aparırlar. Baş məşqçi Kyetil Knutsen komandasını bir dəst-xətt üzrə əzm göstərməyə kökləyib. Əzmkar və möhkəm kollektivdir. Norveç çempionatında da işləri qaydasında gedir. Təkcə “Brann”-la münasibətlərə aydınlıq gətirməlidir. Belə olan halda komandanın Avrokuboklarda uğur axtarışı birmənalı olaraq mümkün hesab edilir. 3 oyun, 7 xal, məğlubiyyətsiz seriya, hələ üstəlik iki Portuqaliya klubunu – “Porto” və “Braga”nı xalsız yola salmaq “Bodo Glimt”-in necə gücdə olduğundan xəbər verir. Bütün bunlar haqqında əlqərəz deyib, çempionumuz “Qarabağ”-a üzümüzü çevirib baxsaq əminliklə deyə bilərik ki, Ağdam klubunun işi çətin olacaq. 3 oyunda xalsız qalmağımız əhval-ruhiyə baxımından hər birimizə, üstəlik ən birinci futbolçulara təsir edir. Hərçənd meydana çıxdığımız rəqiblərimiz də heç də asan komandalar olmayıb. Dünyanın bir nömrəli çempionatında çıxış edən “Tottenham”, Niderlan çempionatında yüksəlişdə olan Ajax (Ayaks) və İsveç klubu “Malmö”. Başa düşürəm, xal götürməli, nəyisə bacarmalı idik. Amma nəzərə almaq lazımdır ki, reqlament yenidir. Hələ nəyin ki, “Qarabağ”, bir çox Avropa klubları belə yeni qaydalara öyrəşməyiblər. Elə turnir cədvəlini qoyaq önümüzə baxaq neçə-neçə klublar var ki, bundan əvvəl keçirilən yarışlarda güc göstəriblər. Mərhələlər adlayıblar. Amma indi aşağı pillələrdə qərarlaşıblar. Qurban Qurbanovu çətin oyun gözləyir amma rəqibdən qorxmağa da dəyməz. Ən yaxşı müdafiə hücumdur. Bizim komandamız da bu gün rəqib kimi açıq oyun nümayiş etdirsə, xal da qazana bilərik, hətta “Bodo Glimt”-i öz meydanında məğlub da edə bilərik. Müdafiə futbolu oynamaq skandinav komandalarına qarşı təhlükəli seçimdir. Hücuma üstünlük verməli, ilk dəqiqələrdən rəqibi basqı altında saxlayıb, əvvəlcə fasiləyə öndə getməli, sonrakı 45 dəqiqənin planını isə oyunun gedişatına görə planlamaq lazımdır. Komandamız “Qarabağ”-a uğurlar arzulayıram!

Bahar Rüstəm

Leave a Reply