AFFA Fernandu Santosla müqavilə imzaladı

Bakı, 13 iyun, Sporaz.tv

“Çalışacağıq ki, Azərbaycan millisi reytinq cədvəlində yuxarı yerlərdə olsun. Bu, komandaya əlavə stimul verəcək”.

Sporaz.tv xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santos təqdimat mərasimində deyib.

Portuqaliyalı mütəxəssis yeni işi üçün enerjili olduğunu bildirib: “İşə başlamağı səbirsizliklə gözləyirəm. Özümü çox yaxşı hiss edirəm. Portuqaliya millisi mənim rəhbərliyim altında Azərbaycan millisinə qarşı oynayıb. Əsas məqsəd qələbə qazanmaqdır. Burada azarkeşlərin də rolu böyük olacaq. Ən qısa müddətdə uğur əldə etmək niyyətindəyik”.

Onun sözlərinə görə, Gürcüstan millisinin Avropa çempionatına vəsiqə qazanması Azərbaycan yığması üçün yaxşı stimul olacaq: “Burada nailiyyət əldə etmək üçün çox yaxşı şərait var. Texniki heyətlə birlikdə Azərbaycanda yaşayacağıq. Buranın mədəniyyəti ilə tanış olacağıq. Aşağı yaş qrupları ilə işləyəcək, ölkə çempionatındakı oyunları izləyəcəyik. İşimizə ciddi yanaşacağıq”.

Təcrübəli baş məşqçi bundan əvvəl Türkiyənin “Beşiktaş” komandasında işlədiyi üçün Azərbaycana daha rahat uyğunlaşacağını söyləyib: “2021-ci ildə Azərbaycana gələndə təəccüblənmişdim. Ölkəniz çox gözəldir. Türkiyədə yaşamaq xoş idi. Lakin mənim bura gəlməyimdə “Beşiktaş”ın rolu olmayıb. Əgər uğursuzluq yaşasaq, günahı məşqçilər heyətində görəcəyəm”.

Türkiyə millisinin sabah Almaniyada start götürəcək Avropa çempionatındakı şanslarını da dəyərləndirən mütəxəssis “ay-ulduzlular”ın uğurlu çıxış edəcəyinə inamını vurğulayıb.

Qeyd edək ki, AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.