Adam Buksanın yeni komandası və transfer qiyməti açıqlanıb

Bakı, 10 iyul, Sporaz.tv

Antalyaspor“da mövsümü yaxşı keçirən Adam Buksanın yeni ünvanı bəlli olub. Buksa yeni mövsümdə Danimarkada çıxış edəcək.

Sporaz.tv məlumat verir ki, ötən mövsümün əvvəlində “Antalyaspor” Adam Buksanı “Lens”dən 1 illik icarəyə götürüb.

27 yaşlı polşalı hücumçu “Antalyaspor”da uğurlu mövsüm keçirib və Super Liqada çıxdığı 33 matçda 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər tərəfdən mövsümü başa vurduqdan sonra Lensə dönən, lakin fransızların planları arasında olmayan Adam Buksanın yeni komandası bəlli olub.

“Footmercato”nun verdiyi xəbərə görə, polşalı hücumçunun yeni ünvanı  Midtjyllanddır.

Danimarka mətbuatı Midtjylland-ın Adam Buksanın transferi üçün Lensə 30 milyon kron (4 milyon avro) ödəyəcəyini yazıb.

Lens təcrübəli futbolçunu 2022-23 mövsümündən əvvəl New England-dan 6 milyon avroya transfer edib.